"Microsoft" korporasiyası İnternetin ikinci ən böyük axtarış servisi olan "Yahoo!"nu satın almaq fikrindən vaz keçmək niyyətində deyil. Amerikalı milyarder və "Yahoo!"nun iri səhmdarı Karl İkanın məktubunda bildirilir ki, ötən həftə "Microsoft"un icraçı direktoru Stiv Balmerlə dəfələrlə, uzun-uzadı əlaqə saxlayıb. "İnternetdə axtarış sektorunu, habelə "Microsoft"la "Yahoo!" arasında əməkdaşlıq perspektivlərini müzakirə etdik. Balmer dedi ki, "Yahoo!"nu satın almaq üçün danışıqlar masası arxasına qayıda biləcəyini istisna etmir. Bir şərtlə ki, "Yahoo!"nun direktorlar şurasının heyəti bütünlüklə dəyişsin", - K.İkan yazıb. Bu ilin əvvəlində "Microsoft" korporasiyası "Yahoo!"ya $43 milyard təklif etmişdi. Lakin axtarış servisinin baş direktoru Cerri Yanq və rəhbərlik təklif edilən məbləği yetərli saymamış, "Microsoft"un məbləği $5 milyard artırmasına rəğmən satılmayacaqlarını bildirmişdilər. "Yahoo!"nun səhmlərinin 4,98%-nə malik olan Karl İkan başda olmaqla bir qrup investor axtarış servisinin rəhbərliyini səhmdarların maraqlarına riayət etməməkdə suçlayaraq ən yaxın toplantılardan birində direktorlar şurasının heyətini dəyişəcəklərini vəd etmişdilər. Bundan başqa, Karl İkan "Yahoo!"nun indiki baş direktoru Cerri Yanqı postundan kənarlaşdırmaq üçün əlindən gələni edəcəyini bildirib. //Ekspress