Microsoft şirkəti Yahoo! şirkətini almaq niyyətindən vaz keçəndən dərhal sonra, may ayının 5-də Nasdaq birjasında internet axtarış servisinin səhmlərinin qiyməti 17 faiz enib. Belə ki, Yahoo!-nun bir səhmi birjada 23,8 ABŞ dollarına dəyərləndirilib. Bu, şirkətin səhmlərinin iki il ərzində ən maksimal səviyyədə qiymətinin enməsi halıdır. Lenta-nın məlumatına görə, Microsoft şirkətinin səhmləri isə, əksinə 2,5 artıb. Microsoft şirkəti yanvar ayının sonunda Yahoo! şirkətinə pul vəsaiti və səhm kimi 44,6 milyard ABŞ dolları təklif etmişdir. Bu qiymət Yahoo!-nun həmin vaxta olan bazar qiymətindən 62% artıq təşkil edirdi. Lakin Yahoo!-nun rəhbərliyi şirkətin lazımi qədər dəyərləndirilmədiyini bildirərək bir səhmə görə təklif olunan 31 ABŞ dollarına, hətta 33 dollara razılaşmayıb və bəyan edib ki, saziş, yalnız bir səhmə görə 37 ABŞ dolları təklif olunandan sonra baş tuta bilər. Nəticədə Microsoft şirkəti Yahoo!-nu almaq fikrindən imtina edib.