Təxminən 200 yeni televiziya kanalı peykin imkanlarından istifadə edə biləcək
Türkiyənin yeni peyki TÜRKSAT 3A-nın gəmidən ayrılması prosesi uğurla həyata keçirilib. Bu, Bakı vaxtı ilə gecə saat 3 radələrində baş verib. TÜRKSAT 3A, TÜRKSAT 1C-nin bütün yükünü öz üzərinə götürəcək. 1C peykindən bundan sonra başqa şəkildə və televiziyaların əlavə siqnallarının çatdırılması məqsədi ilə istifadə ediləcək. TÜRKSAT 3A Avropa, bütün Türkiyə və Asiyanı əhatə dairəsinə alacaq. Peykdən Türkiyə ilə birlikdə Avropa, Yaxın Şərq, Şimali Afrika, Orta Asiya və Çinə qədər uzanan geniş bir əhatə dairəsində televiziya ilə birlikdə internet və səs çatdırılması üçün istifadə ediləcək. TÜRKSAT 3A əhatə dairəsi çərçivəsində dünyanın istənilən bölgəsindən verilən siqnalları dünyanın başqa bir bölgəsinə çatdıra biləcək. Yeni peykin imkanları TÜRKSAT 1C peykinin imkanlarından təqribən iki dəfə artıqdır. Təxminən 200 yeni televiziya kanalı TÜRKSAT 3A-nın imkanlarından istifadə edə biləcək. Türkiyənin rabitə naziri Binəli Yıldırım jurnalistlərə bildirib ki, yeni peyk təqribən 10 gün ərzində xidmət göstərəcəyi orbitə daxil olacaq. “Türksat 3A ölkənin bilik və informasiya texnologiyası, yayım sahəsinə çox mühüm töhfə verəcək” – deyə Yıldırım bildirib. //Trend