İlk məhəbbət
(hekayə)
Ədhəm krantda yaxşı-yaxşı yuyundu. Başını qaldıranda yanında qəşəng bir qızın dayandığını gördü. Nə vaxt gəldiyindən xəbəri olmamışdı.
Baxışları qızın baxışları ilə toqquşan anda kimsə çağırdı:
- Harda qaldın, Rasimə?.. - Qız səsi idi. Həyətin o başından, Zərifə xalagildəndi.
Rasimə üzünü səs gələn tərəfə çevirib:
- Gəlirəm, - dedi və əlindəki çaydanı krantın altına tutdu.
Ədhəm onları tanımırdı. Ağlı kəsəndən Zərifə xalanı o evin altında tək görmüşdü. Lənət şeytana, haçansa o evə bir kişi də girib-çıxardı. Əl ağacının köməyi ilə azar dəymiş toyuq kimi həyət-bacada sozala-sozala hərlənər, tezcə də yox olardı. Günlərin birində Zərifə xalanın tükürpədici səsi qonşu-qonumu həyət-baca ilə bir elədi... Bir səhər də durub gördülər ki, heç kim yoxdu. Camaat necə birdən gəlmişdisə eləcə də birdən çəkilib getmişdi. O vaxtdan o kişi bir də həyətdə görünmədi...
- Zərifə xalanın kişisi necə oldu, ana?.. - Bir dəfə balaca Ədhəm soruşdu.
- Öldü, bala. - Anası hüznlə bildirdi. - Yazıq xəstəydi...
“Ölmək” sözünün mənası Ədhəmə sonralar, tədricən çatdı...
Zərifə xalanın bir oğlu da vardı. Evliydi. Şəhərin başqa yerində yaşayırdı. Atası dünyasını dəyişəndən sonra neçə dəfə anasını yanına aparmaq istəmişdi, arvad razılaşmamışdı...
Ədhəm məhrəba ilə qurulana-qurulana pəncərədən boylanıb krantın üstünə bir də baxdı. Rasimə çağırılan qız dabanıəzik tuflilərini taqqıldada-taqqıldada xırda addımlarla Zərifə xalanın evinə girdi. Qapının güllü pərdəsini arxasınca saldı. Çəkib yanlarını düzəltdi...
Anası çörək doğradığı bıçağı kənara qoyub Ədhəmi tələsdirdi:
- Gəl otur, bala, yeməyini soyutma. Məktəbə gecikərsən.
Ədhəm stol arxasında soruşdu:
- Ana, Zərifə xalanın evindəki qızlar kimdi?..
ARDI BURADA