Bahalı şokolad qutusu
( hekayə )
Hə,
əzizlərim, sizə bahalı bir şokolad qutusunun başına gələn qəribə
əhvalatı danışacağam. O bayram münasibəti ilə şirniyyat fabrikində
doldurulmuş ən gözəl, ən bahalı şokolad qutularından biriydi. Balaca,
qəşəng bir qızın ad gününə alıb gətirmişdilər...
Qonaqlar
hələ dağılışmamışdılar. Ad günü qeyd edilən balaca, qəşəng qız gözdən
oğurlanıb hədiyyələr olan otağa keçdi. Cürbəcür şokolad, konfet
qutularının arasında bahalı şokolad qutusu nəzərini daha artıq cəlb
etdi. Qapağını qaldırdı. İçindəki şokoladlardan birini götürüb yedi.
Çox dadlı, ləzzətliydi...
Valideynləri
qızın hərəkətini bəyənmədi. Ancaq qız elə bilirdi ki, şokolad qutusunu
görən kimi ata-anasının da ağzının suyu axacaq. Onlar isə tamam başqa
fikirdəydilər. Anası bahalı şokolad qutusunu tərifləyə-tərifləyə ded:
- Bir məclisin yaraşığıdı. Dost-tanışa pay apararıq, üzümüzü ağardar...
Atası qutunu o tərəf-bu tərəfinə çevirdi, altına baxdı. Saxlama müddəti yazılmış yazı yaxşı oxunmurdu.
- Bəlkə köhnədi, - dedi, - çox saxlamaq olmaz?..
Anası dedi:
- Filankəslər bizə köhnə şokolad gətirməz.
Sonra
qutunun içindəkilər tərpənib səs-küy salmasın deyə nisbətən ucuz
şokoladlardan bir dənəsini qızın yediyi bahalı şokoladın yerinə
qoydular. Ağzını əvvəlki kimi səliqə ilə yapışdırdılar. Açıldığı
qətiyyən bilinmirdi...
Günlərin bir günü bahalı şokolad qutusunu təzə mənzilə koçmüş dostlarının ev görməsinə apardılar...
Bax,
elə həmin gündən də bahalı, qəşəng şokolad qutusunun qara günləri
başlandı. Ev-ev gəzir, əldən-ələ keçirdi. Hər dəfə də gözləyirdi ki,
ucuz konfet qutuları kimi onun da ağzını açacaq, içindəki dadlı
şokoladları yeyəcəklər. Ancaq bahalı olduğuna görə heç kəs ona
qıymırdı. Ötür-ötürə salmışdılar. Təkcə ona bükülən qəzet və
kağızlar, torbalar dəyişirdi...
Artıq
soyuducuların da köməyi dəymirdi. Şokoladlar yavaş-yavaş keyfiyyətini
itirib qurdlamışdı. Bahalı şokolad qutusu indi onu evdən-evə ötürən,
hər şeydən xəbərsiz adamların əvəzinə xəcalət çəkirdi. Onların üzünü
ağarda-ağarda özü üzüqara olmuşdu...
İş elə gətirdi ki, bahalı şokolad qutusu başqa bir rayona səyahətə çıxdı. Lakin orada da onu dinc qoymadılar...
Bahalı şokolad qutusu hərlənib-fırlanıb təzədən geri qayıtdı. Əvvəlki rayona. Hətta əvvəlki evə...
O
vaxtdan düz bir il keçmişdi. Balaca, qəşəng qız bir yaş böyümüşdü.
Bahalı şokolad qutusu saysız-hesabsız evlər, müxtəlif markalı
soyuducular gəzmiş və yenidən həmin qəşəng qızın ad gününə gəlmişdi...
Qız bahalı şokolad qutusunu görən kimi tanıdı. Qaçıb anasına dedi:
- Ana, xəbərin var, bizim şokolad qutusu qayıdıb!..
Valideynləri
bu işə mat qaldı. Nəhayət, qutunu açdılar. Təəccüblü idi, qurdlar
bahalı şokoladların hamısını gəmirib yemiş, bircə sonradan qoyulmuş
ucuz şokolada dəyməmişdi. Demə, onlar da ağızlarının dadını bilirmiş...
Daha çox hekayələr...
|